Giriş: Parolu Unutduq — İndi Nə?

Keçmiş administrator getdi, enable secret heç kimdə yoxdur. Cihazı fabrik vəziyyətinə qaytarsaq, bütün konfiqurasiya itəcək. Parol bərpası prosedurunda cihaz konfiqurasiyanı oxumadan yüklənir, biz daxil olub konfiqurasiyanı əl ilə yükləyir və yalnız parolu dəyişirik.

Prosedur yalnız konsol kabeli ilə və cihazın yanında işləyir — uzaqdan etmək mümkün deyil. Buna görə fiziki təhlükəsizlik (kilidli otaq, rack) parol qədər vacibdir.

1. Router-in Yüklənmə Ardıcıllığı

  1. POST — ROM-dakı proqram CPU, yaddaş və interfeysləri yoxlayır.

  2. Bootstrap — ROM-dan yüklənir və config register-ə baxaraq IOS-u harada axtaracağına qərar verir.

  3. IOS-un tapılması — boot system əmrləri, sonra flash-dakı ilk etibarlı fayl, sonra TFTP. Heç biri tapılmasa cihaz ROMMON rejiminə düşür.

  4. IOS RAM-a açılır və işə düşür.

  5. Konfiqurasiya — NVRAM-dakı startup-config running-config-ə köçürülür. Yoxdursa (və ya register bunu əmr edirsə), cihaz setup dialoqu ilə açılır.

2. Konfiqurasiya Registri

16 bitlik dəyər, 16-lıq say sistemində yazılır. Cihazın necə yüklənəcəyini idarə edir.

DəyərMənası
0x2102Standart: IOS flash-dan yüklənir, startup-config oxunur, konsol 9600 bod
0x2142IOS yüklənir, amma NVRAM-dakı startup-config nəzərə alınmır (6-cı bit) — parol bərpası üçün
0x2100Həmişə ROMMON rejiminə yüklənir
0x2101ROM-dakı məhdud boot image ilə yüklənir
R1# show version | include register
Configuration register is 0x2142

R1(config)# config-register 0x2102
R1# show version | include register
Configuration register is 0x2142 (will be 0x2102 at next reload)

Dəyişiklik yalnız növbəti yenidən yüklənmədə qüvvəyə minir.

3. Router-də Parol Bərpası

  1. Konsola qoşulun, cihazı söndürüb yandırın və ilk 60 saniyədə Break siqnalı göndərin (PuTTY: Ctrl+Break) — cihaz rommon 1 > rejiminə düşür.

  2. confreg 0x2142 və reset — cihaz konfiqurasiyasız açılır (setup dialoquna "no" deyin).

  3. enable — parol soruşulmur. copy startup-config running-config ilə köhnə konfiqurasiyanı yükləyin. Tərsinə köçürməyin! Əks halda boş konfiqurasiya əsl konfiqurasiyanın üstünə yazılar.

  4. Yeni enable secret və lazım olsa istifadəçi parollarını təyin edin.

  5. Register-i 0x2102-yə qaytarın, interfeysləri yoxlayın (no shutdown lazım ola bilər) və copy running-config startup-config.

4. Catalyst Switch-də Parol Bərpası

Switch-lərdə config register əvəzinə konfiqurasiya faylının adı müvəqqəti dəyişdirilir.

! Qida kabelini çıxarın, MODE düyməsini basıb saxlayaraq yenidən taxın,
! SYST LED-i yanıb-sönməyi dayandırana qədər saxlayın.
switch: flash_init
switch: dir flash:
switch: rename flash:config.text flash:config.old
switch: boot

Switch> enable
Switch# rename flash:config.old flash:config.text
Switch# copy flash:config.text system:running-config
SW1# configure terminal
SW1(config)# enable secret YeniParol!2026
SW1(config)# end
SW1# copy running-config startup-config

Switch config.text faylını tapmadığı üçün boş konfiqurasiya ilə açılır. Sonra fayl geri adlandırılır və əl ilə yüklənir. VLAN-lar ayrıca vlan.dat faylında saxlanılır və toxunulmaz qalır.

5. Bərpanı Qadağan Etmək

no service password-recovery

ROMMON-a girişi bağlayır. Bərpa zamanı cihaz yalnız konfiqurasiyanı silməklə fabrik vəziyyətinə qaytarılmağa icazə verir — oğurlanmış cihazdan konfiqurasiya (parol hash-ları, VPN açarları) çıxarıla bilmir.

Ehtiyat nüsxə

Bu rejimdə konfiqurasiyanın serverdə surəti olmalıdır, əks halda parol unudulanda hər şey itir.

Fiziki giriş

Konsol portuna çıxışı olan şəxs faktiki olaraq cihazın sahibidir.

Lab: Router Parolunun Bərpası

Məqsəd

Unudulmuş enable secret-i config register vasitəsilə konfiqurasiyanı itirmədən bərpa etmək.

Alət

Cisco Packet Tracer (fiziki router, konsol kabeli)

Müddət

30 dəq · Orta

Tapşırıqlar

  1. R1-ə naməlum enable secret qoyun (yoldaşınız qoysun), konfiqurasiyanı yadda saxlayın.

  2. Router-i söndürüb yandırın və açılışın ilk 60 saniyəsində Break (Ctrl+Break) göndərib ROMMON-a keçin.

  3. confreg 0x2142 — startup-config-i nəzərə almadan açılış; reset.

  4. Açılışda setup dialoqundan imtina edin, enable, sonra copy startup-config running-config.

  5. Yeni enable secret təyin edin, interfeyslərin no shutdown olduğunu yoxlayın.

  6. config-register 0x2102, copy running-config startup-config, reload — konfiqurasiyanın yerində olduğunu göstərin.

Yoxlama

rommon 1 > confreg 0x2142
rommon 2 > reset
Router# show version | include register
Router# show ip interface brief

Uğur meyarları

Köhnə konfiqurasiya (IP-lər, routing) itmədən parol dəyişdirilib.

Config register sonda 0x2102-dir.

Bu prosesin fiziki giriş tələb etdiyini və no service password-recovery-nin nə etdiyini izah edirsiniz.